Azəri
Surah Muhammad - Aya count 38
الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ
( 1 ) 
Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ
( 2 ) 
İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qur’ana) inanların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ
( 3 ) 
Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qur’ana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!
فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَ بَعْضَكُم بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَن يُضِلَّ أَعْمَالَهُمْ
( 4 ) 
(Ey mö’minlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ
( 5 ) 
(Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir.
وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
( 6 ) 
Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن تَنصُرُوا اللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
( 7 ) 
Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.
وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ
( 8 ) 
Kafirlərə gəldikdə isə - hamısı məhv olsun – onların əməllərini puça çıxardar!
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ
( 9 ) 
Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Qur’anı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا
( 10 ) 
Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!
ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ
( 11 ) 
Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَّهُمْ
( 12 ) 
Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ
( 13 ) 
(Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِ كَمَن زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُم
( 14 ) 
Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.
مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِّن مَّاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّارِبِينَ وَأَنْهَارٌ مِّنْ عَسَلٍ مُّصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ
( 15 ) 
Müttəqilərə və’d olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِندِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ
( 16 ) 
(Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ
( 17 ) 
Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!
فَهَلْ يَنظُرُونَ إِلَّا السَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ
( 18 ) 
Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!
فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ
( 19 ) 
(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!)
وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
( 20 ) 
Mö’minlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı -
طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ
( 21 ) 
İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri və’də) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!
فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ
( 22 ) 
Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ
( 23 ) 
Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə’nət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا
( 24 ) 
Onlar Qur’an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)
إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ
( 25 ) 
Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ
( 26 ) 
Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ
( 27 ) 
Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?
ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ
( 28 ) 
Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.
أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ
( 29 ) 
Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!
وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ
( 30 ) 
(Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ
( 31 ) 
(Ey mö’minlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə mə’lum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mö’min olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَن يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ
( 32 ) 
Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. (Allah) onların bütün əməllərini puç edəcəkdir!
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ
( 33 ) 
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَن سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ اللَّهُ لَهُمْ
( 34 ) 
Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!
فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَالَكُمْ
( 35 ) 
Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə də’vət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!
إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِن تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ
( 36 ) 
Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər).
إِن يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ
( 37 ) 
Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.
هَا أَنتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنتُمُ الْفُقَرَاءُ ۚ وَإِن تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُم
( 38 ) 
Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!